İmadəddin Nəsiminin poetik dilində mürəkkəb cümlənin struktur modelləri
Rəhilə HümmətovaDOI: https://doi.org/10.48445/o1853-9284-5384-y
ORCID ID: https://orcid.org/0000-0003-2521-6361
Tarix: 23 Avqust 2025
XÜLASƏ
Azərbaycan dili
zəngin sintaktik quruluşa malikdir. Bu
quruluşa daxil olan vahidlərdən ən başlıcası cümlədir. Cümlə hər bir
dilin daxili qanun-qaydaları əsasında qrammatik cəhətdən formalaşan nitq
vahididir. Bu dil vahidi struktur-semantik tipləri və quruluşu ilə zəngindir.
Yazılı və şifahi nitq mədəniyyətinin tərkib hissələri içərisində mürəkkəb cümlənin
xüsusi yeri vardır. “Dildə mürəkkəb cümlənin struktur modelləri onun inkişaf səviyyəsini
göstərən ən mühüm amillərdəndir”. Azərbaycan ədəbi dilinin, eləcə də türk dillərinin
sintaktik quruluşunun inkişaf dövrlərinin tədqiqi zamanı alınan nəticələr
tabeli mürəkkəb cümlənin qədim tarixə malik olduğu fikrini söyləməyə əsas
verir. İstər “Kitabi-Dədə Qorqud”, istər klassik poeziya, istərsə də folklor ədəbiyyatında
üstün mövqedə olan tabeli mürəkkəb cümlələr müasir dilimizdəki tabeli mürəkkəb
cümlələrdən demək olar ki, fərqlənmir. Araşdırmaya cəlb etdiyimiz XIV əsrin
dahi Azərbaycan şairi İmadəddin Nəsiminin dilində üstün mövqedə işlənmiş tabeli
mürəkkəb cümlələrin müxtəlif quruluş növləri, budaq cümlənin tipləri bu fikri təsdiq
edir. Nəsimi poeziyası ümumən XIV əsr Azərbaycan ədəbi dilinin inkişaf tarixini
öyrənmək baxımından ən etibarlı mənbələrdəndir. Şairin poetik dili budaq cümlələrlə,
onun müxtəlif növləri və quruluş tipləri ilə, budaq cümlələri (asılı) baş cümlələrə
bağlayan vasitələrlə zəngindir. Onun poeziyasında intensiv formada işlənən
budaq cümlələrini linqvistik araşdırmaya cəlb etməklə orta əsrlərdə dilimizin
sintaktik quruluşunun mənzərəsi barədə aydın təsəvvür yarada bilərik.
AÇAR
SÖZLƏR
tabeli mürəkkəb
cümlə, bağlayıcı vasitələr, mürəkkəb cümlənin struktur modeli, sintaktik
quruluş










































