Məhəmməd Füzuli yaradıcılığında təriqət ideyalarının tədrisi probleminə müasir yanaşma
Yaqub BabayevDOI: doi.org/10.48445/n1614-8589-2923-x
ORCID ID: https://orcid.org/0000-0002-4738-9426
Tarix: 27 Sentyabr 2024
XÜLASƏ
Məqalədə ali və orta məktəblərdə klassik ədəbiyyatımızın, xüsusilə də M. Füzuli yaradıcılığının öyrədilməsində qarşıya çıxan bir sıra çətinliklərdən söhbət açılır. Göstərilir ki, ali və orta tədris müəssisələrində şairin həyat və yaradıcılığının, bədii irsindən nümunələrin tədrisi zamanı müəyyən problemlər qarşıya çıxır. Bu problemləri aradan qaldırmaq müəllimlərdən müəyyən bilik, səriştə və bacarıq tələb edir. Qarşıya çıxan çətinliklərdən biri də tələbə və şagirdlərə təriqət mövzulu əsərlərin mövzu, ideya-məzmun və sənətkarlıq xüsusiyyətlərinin mənimsədilməsidir. Bu ideyaları nəzərə almadan bir sıra klassik sənətkarlarımızın yaradıcılıq məhsullarını şagirdlərə və tələbələrə obyektiv şəkildə mənimsətmək mümkün deyil. Dediyimiz fikir məqalədə, əsasən, Məhəmməd Füzulinin müəyyən əsərlərinə istinadən izah edilir. Şərh zamanı məqalə müəllifi adı çəkilən sənətkarın həm ali, həm də orta məktəbdə tədris olunan əsərlərini diqqət mərkəzində saxlayır, yaradıcılığından nümunələr verir və onları mövzunun tələbləri baxımından təhlil süzgəcindən keçirir. Təhlil zamanı təriqət ideyalarının həm o dövr, həm də günümüz üçün dəyərinə, əhəmiyyətinə, həmçinin sənətkarlıq məsələlərinə də toxunulur.
AÇAR SÖZLƏR
təriqət ideyaları, M. Füzuli, təlimdə çətinliklər, tədris, ali məktəb