Dilin axarı və ya müasir Azərbaycan dili nüfuzlu və suveren dillərdən biri kimi
İsmayıl KazımovDOI: https://doi.org/10.48445/v3958-7929-5585-t
ORCID ID: https://orcid.org/0000-0002-4470-8786 |
Tarix: 24 Aprel 2025
XÜLASƏ
Məqalədə müstəqil Azərbaycan
dilinin mövcud qayğıları, üzləşdiyi təhdid və təzyiqlərdən bəhs olunmuş, cəmiyyəti
narahat edən dil problemlərinin aradan qaldırılması yolları ilə bağlı mülahizələr
irəli sürülmüşdür. Azərbaycan dilinin dövlət dili statusu qazanmasında
ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ildə Konstitusiyaya
salınmış dil maddəsinin əhəmiyyəti xüsusi vurğulanmışdır. Məqalədə qeyd olunur
ki, müstəqil dövlətin dili də müstəqil olmalıdır. Azərbaycan dili başqa dillərdən
asılı vəziyyətə düşməməli, onların təsiri altına keçməməlidir. Dilimiz ümumtürk
dilindən ayrıldıqdan sonra öz fonetik sistemi, leksik tərkibi və orijinal
qrammatik quruluşu ilə müstəqil inkişaf yolu keçmişdir. Lakin tarix boyu ərəb,
fars, rus və digər dillərin təsiri nəticəsində Azərbaycan dili uzun müddət öz
gücünü və iradəsini tam şəkildə nümayiş etdirə bilməmişdir. Bu gün isə Azərbaycan
dili müstəqillik şəraitində sərbəst şəkildə inkişaf edir. Müəyyən müdaxilələrin
müşahidə edilməsinə baxmayaraq, dilimiz öz mövqeyini qorumaqda davam edir. Müstəqillik
qazanıldıqdan sonra Azərbaycan dilinin statusu və nüfuzu əhəmiyyətli dərəcədə
möhkəmlənmişdir. Hazırda dilimiz həm şifahi, həm də yazılı ünsiyyətdə zənginliyi
ilə seçilir, geniş auditoriyalarda istifadə olunur. Hətta ölkəmizdə fəaliyyət göstərən
diplomatik nümayəndəliklərdə də Azərbaycan dilinin imkanlarından geniş şəkildə
faydalanılır. Bununla belə, Azərbaycan dilinin gələcəyinə dair bəzi suallar hələ
də cavabsız qalır və bu, cəmiyyətin haqlı narahatlığına səbəb olur. Müstəqillik
dövründə ölkəmizdə yaşayan etnik qrupların dillərinin yaşadılması, eləcə də Azərbaycanın
dünya xalqları ilə siyasi, mədəni, iqtisadi və digər sahələrdə qurduğu əlaqələr
nəticəsində multikulturalizm və çoxdillilik anlayışları daha da genişlənmişdir.
AÇAR SÖZLƏR
müasir Azərbaycan dili,
suverenlik ili, dövlət dili, təhdidlər, sosial-psixoloji durum