Uşaq dramlarının etnokulturoloji semantikası
Şöhrət MəmmədovaDOI: https://doi.org/10.48445/z5263-6591-0396-a
ORCID ID: https://orcid.org/0009-0006-6553-6385
Tarix: 22 Sentyabr 2025
XÜLASƏ
Uşaq ədəbiyyatının mövzu və mündəricə zənginliyində səhnə əsərləri mühüm yer tutur. XX əsrin əvvəllərindən başlayaraq ayrı-ayrı onilliklərdə sənətkarlar bu janra müraciət edərək daha canlı və təsirli dram əsərləri yaratmışlar. A. Səhhət, A. Şaiq, M. M. Seyidzadə, M. Dilbazi, M.H.Təhmasib, T. Əyyubov, Z. Xəlil, B. Vahabzadə, S. Axundov və digər mütəfəkkirlərin yaratdıqları səhnə əsərləri ümumi ruh və zəngin məzmun baxımından uşaqların fantaziyasını, hadisələrə münasibətini və insani dəyərlər üzərində tərbiyəsini əks etdirir. Müxtəlif hadisə və əhvalatları əhatə edən bu nümunələr folklor haqqında müəyyən bir təsəvvür formalaşdırır. Xalq dramları uşaq səhnə əsərlərində struktur və canlandırma üsulları baxımından qaynaq funksiyasını yerinə yetirir. Uzaq keçmişdən günümüzədək baş verən əhvalat və hadisələri olduğu kimi çatdıran xalq dramları, meydan tamaşaları, şəbihlər məzmun fakturası və canlandırma üsullarının rəngarəngliyi ilə spesifikləşir. Müxtəlif mövzularda yaranan səhnə əsərləri mərasim səciyyəsi, ictimai məzmunu və ailə-məişət problemlərini əksetdirmə xüsusiyyəti ilə fərqlənir. Buradakı kolliziyalar, dialoqlar, monoloqlar, hadisə və əhvalat səviyyəsində özünü göstərən təzadlar, ziddiyətli qarşıdurmalar müxtəlif aspektlərdə uşaq ədəbiyyatının yazılı qolunda özünəməxsus yer tutur. Bütün bu nüansların tipoloji səviyyədə təhlili və mahiyyət kontekstində sərgilədiyi funksional mənzərə sistemli təhlilləri zəruriləşdirir.
AÇAR SÖZLƏR
xalq dramları, uşaq səhnə əsərləri, dialoq, monoloq, nağıl-pyes










































