Azərbaycan dilində “qara” sifətinin konnotativ mənaları
Aytən BəylərovaDOI: https://doi.org/10.48445/x1700-5073-8814-y
ORCID ID: https://orcid.org/0000-0002-7515-4229
Tarix: 27 Noyabr 2025
XÜLASƏ
Məqalədə Azərbaycan dilində “qara” sifətinin həm rəng bildirən leksik mənası, həm də konnotativ mənaları araşdırılır. Tədqiqatın məqsədi “qara” sifətinin müxtəlif kontekstlərdə ifadə etdiyi konnotasiyaları müəyyənləşdirmək, bu mənaların tarixi, mədəni, ictimai amillərlə əlaqəsini öyrənmək və dil ilə mədəniyyət arasındakı əlaqələri aşkarlamaqdır. Tədqiqat zamanı təsviri və müqayisəli təhlil metodları, eləcə də semantik və kontekstual analiz üsulları tətbiq edilmişdir. Araşdırmanın nəticəsi göstərir ki, “qara” sifəti, əsasən, “zülmət”, “matəm”, “ölüm”, “ağırlıq”, “bədbəxtlik”, “pis sonluq”, “peşmanlıq”, “ümidsizlik”, “günah” kimi anlayışlarla əlaqələndirildiyi üçün mənfi konnotasiyalara malik olsa da, bəzi hallarda “ulu”, “əsas”, “baş”, “böyük”, “güclü” kimi müsbət mənalar da ifadə edə bilər. Məqalədə “qara” sifətinin metaforik və frazeoloji ifadələrdə xüsusi mənalar daşıdığı qeyd edilmiş, bu leksemin müxtəlif mətnlərdə istifadəsi müqayisəli şəkildə araşdırılmış, kontekstdən asılı olaraq fərqli emosional və semantik çalarlar qazandığı göstərilmişdir. “Qara” sifətinin həm əsas, həm də müsbət və mənfi konnotativ mənalarının nümunələr əsasında sistemli şəkildə təsvir və təhlil olunması tədqiqatın elmi yeniliyini, konnotativ mənaların izahının tərcümə işlərində, leksik-semantik təhlillərdə, dilin mədəni aspektlərinin öyrənilməsində və frazeoloji tədqiqatlarda faydalı ola bilməsi isə araşdırmanın praktik əhəmiyyətini təşkil edir.
AÇAR SÖZLƏR
Azərbaycan dili, rəng, sifət, qara, konnotasiya, assosiasiya










































