Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında milli xarakterlərin tənəzzülə uğrama problemi
Ulduz QəhrəmanovaDOI: https://doi.org/10.48445/n1113-4323-5456-y
ORCID ID: https://orcid.org/0009-0003-4418-9319
Tarix: 27 Noyabr 2025
XÜLASƏ
Milli xarakter ideologiya ilə sıx vəhdət təşkil edir və burada millilik hər zaman estetik bir kateqoriya kimi çıxış edir. Avropalaşma və qərbləşməyə meyillilik milli xüsusiyyətlərdən uzaqlaşma prosesini sürətləndirir. Xarici təsirlər daim xalqın özünəməxsus milli kimliyini unutdurmağa çalışır. Halbuki bəşəri dəyrlərə gedən yol bütün tarixi dövrlərdə millilikdən keçmişdir. Məlumdur ki, türk xalqlarının milli xarakteri vahid ümumtürk ideologiyası, psixologiyası və fəlsəfəsindən qaynaqlanır. Milli xarakter millətin psixologiyasından doğan mənəvi keyfiyyətdir. Qloballaşmanın gətirdiyi yeniliklər və ideoloji dəyişikliklər milli xarakterin mahiyyətinə təsir edərək onu millilikdən uzaqlaşdırmışdır. Bədii mətnlərdə “qlobal dünya insanı” modeli yaradıldı ki, bu model milli kimlikdən, milli özünüdərk və milli xarakterik cizgilərdən uzaq idi. Müstəqillik dövründə yazılmış nəsr əsərlərində milli cizgilərdən və kimlikdən uzaqlaşan xarakterlər sosial-psixoloji problemlər fonunda təqdim edilmişdir. Nəticədə milli xarakter, milli kimlik və milli özünüdərk anlayışlarının bədii mətnlərdə tənəzzülə uğraması müşahidə olunur. Azərbaycan nəsrində milli xarakterin zəifləməsinin əsas səbəblərindən biri 1990-cı illərdən sonra baş verən hərbi münaqişələrlə əlaqələndirilir. Bu dövrdən etibarən ədəbiyyatda daha çox qloballaşan, millilikdən uzaqlaşan, insani və mənəvi bağlardan qopan dünyanın qurbanlarına çevrilən obrazların təsviri üstünlük təşkil etmişdir. Bu obrazlar həm də “yeni axtarışlar mərhələsi”nin simvolları kimi təqdim olunmuşdur.
AÇAR SÖZLƏR
milli xarakter, millilikdən uzaqlaşma, mənəvi bağ, modern insan, ümumtürk ideologiyası










































