Azərbaycan dilində mənası dəyişən sözlər
Sədaqət HəsənovaDOI: https://doi.org/10.48445/d8297-7158-0683-q
ORCID ID: https://orcid.org/0009-0002-9996-6229
Tarix: 27 Noyabr 2025
XÜLASƏ
Dil cəmiyyət
daxilində sosial, mədəni və texnoloji dəyişiklikləri əks etdirən, daim
inkişafda olan dinamik sistemdir. Dilin əsas vahidlərindən olan sözlər zamanla
müxtəlif amillərin – mədəni və texnoloji inkişafın, eləcə də tarixi hadisələrin
təsiri ilə məna dəyişikliyinə məruz qala bilir. Məqalədə dilin semantik dəyişiklik
prosesi araşdırılır, zamanla mənası dəyişilmiş bəzi sözlər tədqiq edilir. Belə
sözləri təhlil etməklə məqalədə semantik dəyişikliyin yaranma səbəbləri, baş
verən dəyişikliklərin dil, ünsiyyət və cəmiyyət üzərindəki təsirləri haqqında
ümumi anlayış formalaşdırılır. Mənası dəyişən sözlər dilin xüsusiyyətlərindən
biri olaraq, inkişafı və təfəkkür müxtəlifliyini əks etdirərək dilin sosial, mədəni
və elmi dəyişikliklərlə necə uyğunlaşdığını göstərir. Bunlar zamanla dəyişən,
yeni məna qatları qazanan və ya müxtəlif kontekstlərdə fərqli anlamlar ifadə edən
sözlərdir. Məlumdur ki, dil zamanla insanların ünsiyyət ehtiyaclarına uyğun
olaraq inkişaf edir. Sözlərin mənaları sosial, mədəni və tarixi təsirlər nəticəsində
dəyişə, yeni mənalar qazana və ya əvvəlki mənalar sıradan çıxaraq passivləşə
bilər. Bu cür sözlər müxtəlif mətnlərin tərkibində qalaraq dilin ünsiyyət vasitəsi
kimi effektivliyini artırır. İnsanlar dil vasitəsilə müxtəlif anlam və
kontekstlər üzərindən fikirlərini ifadə edirlər. Bu prosesdə mənası dəyişən
sözlər mühüm rol oynayır, çünki onlar müəyyən bir dövrün, mühitin və ya cəmiyyətin
özəlliklərini özündə əks etdirə bilir. Dilin sosial dəyişiklikləri əks
etdirdiyini anlamaq üçün semantik dəyişikliyə məruz qalan sözlərin
araşdırılması xüsusi əhəmiyyət daşıyır.
daşıyır.
AÇAR
SÖZLƏR
dil, söz, dəyişmə, poeziya, inkişaf










































