Nağılların kiçik yaşlı məktəblilərin nitqinin inkişafına psixoloji təsiri
Gülnarə ƏlixanovaDOI: https://doi.org/10.48445/t2789-7729-9000-u
ORCID ID: https://orcid.org/0000-0002-5241-0250
Tarix: 13 Aprel 2026
XÜLASƏ
Nitq
şəxsiyyətin inkişafının ən vacib və mürəkkəb komponentlərindən biridir. İbtidai
sinif şagirdlərində nitqin inkişafı onların təhsilində, sosial adaptasiyasında
və psixi inkişafında əsas rol oynayır. Bu proses şagirdlərə nitq bacarıqlarını
inkişaf etdirmək, qarşılıqlı ünsiyyət qurmaq və öz fikirlərini ətrafdakılara
aydın şəkildə ifadə etmək imkanı yaradır. Bu baxımdan uşaqların nitqinin inkişafında nağıllar
mühüm əhəmiyyət kəsb edir. Nağılı dinləyərkən oxucu və dinləyici arasında
qarşılıqlı kommunikasiya yaranır, uşağın zehni fəaliyyəti tam şəkildə
aktivləşir. Oxuduğu və ya dinlədiyi nağıllardakı obrazlar haqqında təsəvvür
formalaşdıran şagird hadisələri izləyərkən yaxşını pisdən, doğrunu yanlışdan
ayırmağı öyrənir. Nağıllar uşaqların sosial, mədəni və psixoloji inkişafına
müsbət təsir göstərən, onların xəyal dünyasına yol açan və hər zaman yaxşı
əməllərin qalib gəldiyi hekayələrdir. Məlumdur ki,
müxtəlif xalqların nağıllarında oxşar motivlərə tez-tez rast gəlinir. Lakin hər xalqın özünəməxsus
milli xüsusiyyətləri bu nağıllarda xüsusi yer tutur və bunun sayəsində uşaqlar
öz milli-etnik irsləri ilə yaxından tanış olurlar. Deməli, nağıllar kiçik yaşlı
məktəblilərə milli-mədəni köklərini dərk etməyə və bu dəyərlərə əsaslanaraq
həyat yolunu davam etdirməyə imkan verir. Buna görə də uşaqları bu zəruri
təcrübədən yararlanmağa təşviq etmək son dərəcə vacibdir. Zaman keçdikcə
nağılların insan həyatının ayrılmaz hissəsi olduğu dövr arxada qalsa da, onlara
maraq çox vaxt dəyişmir. Çünki nağıllar hər dəfə oxunduqda yeni və faydalı
fikirlərin kəşf edilməsinə şərait yaradır. Nağıl uşaqlarda inam formalaşdırır,
onlara mümkünsüzün də mümkün ola biləcəyini göstərir, bir sözlə, dünyaya fərqli
prizmadan baxmağa kömək edir.
AÇAR SÖZLƏR
münasibət, nağıl qəhrəmanları, təxəyyül, ünsiyyət,
nitqin inkişafı










































