Müasir Azərbaycan dilində köməkçi nitq hissələrinin təsnifi
Elşad AbışovDOI: https://doi.org/10.48445/c5636-0825-2635-i
ORCID ID: https://orcid.org/0000-0002-5048-1872
Tarix: 13 Aprel 2026
XÜLASƏ
Məqalədə köməkçi nitq hissələrinin təsnifi məsələləri
araşdırılır. Tədqiqat işində müstəqil leksik mənası olmayan yardımçı sözlərin
bölgüsü ilə bağlı ümumiləşdirmələr nəzərdən keçirildikdən sonra nitq hissələrinin
təsnifi prinsipləri (leksik-semantik, morfoloji və sintaktik) əsasında köməkçi
nitq hissələrinə daxil edilən söz qruplarının funksiyalarına uyğun olaraq
daxili təsnifatı aparılır. Bölgü prosesində köməkçi nitq hissələri sözlər və
birləşmələr arasında əlaqə yaradan (qoşma, bağlayıcı), cümlədə fikrə münasibət
bildirən (ədat, modal sözlər), emosionallıq ifadə edən (nida), obrazlılıq
yaradan (təqlidi sözlər) və qeyri-müəyyənlik bildirən (imperativ sözlər, uşaq
sözləri, ritmik sözlər) nitq hissələri adı altında müxtəlif funksional qruplara
ayrılır. Məqalədə yardımçı söz növlərinin vəzifəsinə görə sistemləşdirilməsi ilə
yanaşı, mənşəcə bölgüsü də təqdim edilir. Məlum
olduğu kimi, köməkçi nitq hissələri tarixən əsas nitq hissələrinin bir qisminin
lüğəvi mənasını itirməsi nəticəsində meydana gəlmişdir. Bu baxımdan onlar iki
qrupa bölünür:
a) əsas nitq hissələrindən
törəyənlər (qoşma, bağlayıcı, ədat, modal sözlər);
b) mənşəcə əsas nitq hissələri
ilə əlaqəsi olmayanlar (imperativ sözlər, nidalar, ritmik sözlər, təqlidi sözlər
və uşaq sözləri).
AÇAR
SÖZLƏR
qrammatika, nitq hissələri,
qrammatik məna, nida, universal hadisə










































