Azərbaycan ədəbiyyatının ilk yazılı nümunələrinin tədqiqi məsələləri
Səbinə DünyamalıyevaDOI: https://doi.org/10.48445/y0096-7025-3740-a
ORCID ID: https://orcid.org/0009-0006-0776-3811
Tarix: 21 İyul 2026
XÜLASƏ
Azərbaycan ədəbiyyatının ilk yazılı nümunələrinin tədqiqi
məsələləri çoxşaxəli və geniş bir mövzudur. Bu məsələ həm ədəbiyyatşünaslıq, həm
tarix, həm də dilçilik elminin kəsişməsində araşdırılır. Ədəbiyyatşünaslıq
aspektindən ilk yazılı nümunələrin öyrənilməsi müxtəlif dövrlərdə fərqli mənbələr
üzərində aparılmışdır. Bir sıra tədqiqatçılar Azərbaycan ədəbiyyatında ilk
yazılı nümunələrin “Kitabi-Dədə Qorqud” dastanı ilə başladığını, digərləri isə
IX‒X əsrlərdə ərəb və fars dillərində yazılmış bədii mətnlərə əsaslandığını
iddia edirlər. Bu yanaşma fərqləri onunla izah olunur ki, Azərbaycan ədəbiyyatı
müxtəlif tarixi dövrlərdə fərqli meyarlarla sistemləşdirilmişdir. Ənənəvi dövrləşmə
meyarları siyasi hadisələrə və ictimai dəyişikliklərə söykənsə də, müasir ədəbiyyatşünaslıq
ədəbi prosesin daxili inkişaf qanunauyğunluqlarını nəzərə almağa çalışır. Bu
baxımdan son tədqiqatlardan biri akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı:
dövrləşmə konsepsiyası və inkişaf mərhələləri” adlı kitabı xüsusi əhəmiyyət kəsb
edir. Kitabda Azərbaycan ədəbiyyatı ümümtürk ədəbiyyatın tərkib hissəsi kimi tədqiq
edildiyi üçün yazılı ədəbiyyatın başlanğıcı “Orxan-Yenisey” daş kitabələrindən
götürülmüşdür. Türkoloji araşdırmaların əsas mənbələrindən sayılan bu abidələr
ümümtürk ədəbi irsinin mühüm incilərindən biridir. Göytürk əlifbası ilə
yazılmış bu abidələr qədim türklər haqqında məlumat verən ilk yazılı nümunələrdir.
Abidə həm türklərin dili, həm də onların qədim dövrdə yerləşdikləri ərazilərin
müəyyənləşdirilməsi cəhətdən vacib artefaktdır. Bu mətnlərdə türklərin
inanclarından, dövlətçilik ənənələrindən, hökmdar‒xalq münasibətlərindən bəhs
edilir.
AÇAR SÖZLƏR
ədəbiyyatın dövrləşdirilməsi,
“Orxon-Yenisey” abidələri, türklər, dövlətçilik ənənələri,
Bilgə xaqan










































