Morfologiyanın tədrisində orfoepik vərdişlərin formalaşdırılması
Rəhilə HümmətovaDOI: https://doi.org/10.48445/f3179-3271-9388-r
ORCID ID: https://orcid.org/0000-0003-2521-6361
Tarix: 19 Oktyabr 2026
XÜLASƏ
Ədəbi tələffüz normalarına yiyələnmək, eləcə də
orfoepiya üzrə iş aparmaq imkanları dilçiliyin fonetika bölməsində olduğu kimi,
morfologiya bölməsinin tədrisində də olduqca zəngin və çoxşaxəlidir. Təbii ki,
bu imkanlardan səmərəli istifadə müəllimin qarşısında əsas tələbdir.
Morfologiyanın tədrisi prosesində orfoqrafiya üzrə işləri orfoepiya ilə
əlaqələndirmək üçün də geniş imkanlar vardır. Fonetikanın tədrisində praktik
yolla öyrənilmiş bir sıra tələffüz qaydaları ayrı-ayrı nitq hissələrinə aid
olan söz və şəkilçilərin deyilişində özünü göstərir. Morfologiya
üzrə aparılan orfoepik iş həm fonetika təlimində praktik yolla öyrənilmiş bir
sıra tələffüz qaydaları üzrə mənimsənilən bilik və bacarıqların
avtomatlaşmasına, həm də şəkilçilərin tələffüzünə aid yeni bilik və vərdişlərin
qazanılmasına xidmət edir. İstər ibtidai, istərsə də yuxarı siniflərdə
yalnız dil qaydaları deyil, bütövlükdə Azərbaycan dili tədris olunur. Buna görə
də dil dərslərində çoxcəhətli fənnin bütün sahələri əhatə olunur və
orfoqrafiya, orfoepiya, leksikologiya, qrammatika və s. arasında sıx əlaqə
yaranır. Dil təlimində dilin vahid strukturuna əməl edilməsi prinsipi öz sözünü
deyir. Yəni hər bir qrammatik mövzunun tədrisi zamanı müvafiq leksik iş
aparılır, orfoqrafiya və orfoepiyaya aid konkret işlər öz həllini tapır və
gələcək bölmə üçün (sintaksis) zəmin hazırlanır.
AÇAR SÖZLƏR
morfologiya, ədəbi tələffüz, orfoepiya










































