Şərq və Qərb diskursları kontekstində milli kimlik və şərqli yazarın mövqeyi
Aygün HüseynovaDOI: https://doi.org/10.48445/z8862-9654-0347-d
ORCID ID: https://orcid.org/0000-0003-0947-3800
Tarix: 13 Aprel 2026
XÜLASƏ
Məqalədə Şərq və Qərb
anlayışları yalnız coğrafi baxımdan deyil, eyni zamanda mədəni, ideoloji və
dünyagörüşü fərqlilikləri kontekstində təhlil olunur. Şərq-Qərb ayrımı sadə bir
xəritə bölgüsündən daha çox tarixi proseslərdə formalaşmış, güc münasibətləri
və hegemonik diskurslar əsasında qurulmuş simvolik paradiqmadır. Bu ayrımda
“istismar edən” və “istismar edilən” münasibəti əsas suallardan biri kimi çıxış
edir. Məqalə Edvard Səidin “Orientalizm” əsərinə istinadən Şərqin Qərb
tərəfindən təsəvvürü, şərqli subyektin obyektləşdirildiyi, digərləşdirildiyi və
kimliksizləşdirildiyi məsələləri araşdırılır. Məqalədə həmçinin milli kimlik və
cəmiyyət anlayışları bu paradiqmalar fonunda təhlil edilir. Bir fərdin Qərbdə
doğulması onu qərbli, Şərqdə doğulması isə şərqli edirmi? Kimlik coğrafi
mənsubiyyətdən daha çox mədəni və psixoloji aidiyyətləmi formalaşır? Şərqli
biri Qərbdə yaşadığı zaman nə dərəcədə şərqli qala bilər və yaxud bu fərq
zamanla yox olurmu? Bu suallar Çin əsilli yazar Cunq Çanqın “Vəhşi
ququşları” (Wild Swans) romanı əsasında ədəbi prizmadan
cavablandırılır. Əsər bir qadının baxış bucağından tarixi və siyasi hadisələrin
təqdim edilməsi, eyni zamanda şərqli bir yazarın öz toplumuna məsafədən baxışı
baxımından orientalizm müstəvisində maraqlı nümunə kimi dəyərləndirilir.
Yaradıcılığında qadın, mədəni keçidlər, siyasi təzyiqlər və fərdi azadlıq kimi
mövzular vasitəsilə həm Şərq, həm də Qərb identikləri problematizə olunur.
Məqalədə aparılan təhlillər vasitəsilə Şərq-Qərb ayrımının mahiyyəti,
kimliklərin sabit və ya dinamik təbiəti, həmçinin mədəni və
gender baxış bucaqlarının fərqliliyi araşdırılır. Məqsəd bu
paradiqmaların tənqidi ilə yanaşı, onları yenidən düşünmək, kimlik, mədəniyyət
və “mərkəz-kənar” münasibətlərini çoxsəslilik müstəvisində anlamağa
çalışmaqdır.
AÇAR SÖZLƏR
Şərq-Qərb, orientalizm, xalq, milli kimlik










































