Mirzə Ələkbər Sabir və müasirləri ədəbi müzakirələr kontekstində
Ulduz QəhrəmanovaDOI: https://doi.org/10.48445/d7990-2050-0602-x
ORCID ID: https://orcid.org/0009-0003-4418-9319
Tarix: 13 Aprel 2026
XÜLASƏ
Mirzə Ələkbər Sabir 1906–1910-cu illəri əhatə edən
yaradıcılığı dövründə müasiri Məhəmməd Əşrəfiyə istinad etmiş, şeirlərindəki
misralardan sitat gətirərək onu yad etmişdir. “İrşad” qəzetinin maddi çətinliklər
səbəbindən bağlanmaq təhlükəsi ilə üzləşdiyi vaxt Sabir qəzetə həsr olunmuş
xüsusi bir məqalə yazmış, bu yazıda türk şairinin vida ruhunda qələmə aldığı
şeiri qəzetin düşdüyü ağır durumu ilə əlaqələndirmişdir. Həmin şeirdən sonra
Sabir dostu Abbas Səhhətin “Ey vətən, getmə ki, əldən gedəriz” əsərinə də
müraciət etmişdir. Sabir 1910-cu ildə qəzəl janrında yazdığı “Qurulubdur yenə
meydani-həyahayi-süxən” adlı taziyanəsində də Məhəmməd Əşrəfini yad etmişdir.
Ə. Cəfərzadənin qeyd etdiyi kimi, “Gop-gop” şeiri ciddi üslubda yazılmış, dini
ruh daşıyan bir əsərdir. Altı bənddən ibarət olan bu şeir eyni süjet xətti üzərində
qurulmuşdur. Sabirin eyni adlı “Gop-gop” şeiri isə həmin əsərin nəzminə
yazılmış eyni formalı, lakin kəskin məzmunlu bir təhzil (satirik cavab)
xarakteri daşıyır. M. Ə. Sabir “Qızdırmalı” imzası ilə tanınan M. H. Zeynalova
da “Madam ki, Hamiyani-zülmət” adlı satirası ilə cavab vermişdir. Bu satira ilk
dəfə “Molla Nəsrəddin” jurnalının 13-cü sayında imzasız dərc olunmuşdur. Əsər
dördüncü nəşrdən başqa Sabirin bütün nəşrlərinə daxil edilmiş, üçüncü nəşrdə isə
“...Qafilanə xab et!” adı ilə verilmişdir.
AÇAR SÖZLƏR
Mirzə
Ələkbər Sabir və müasirləri, nəzirələr, “Molla Nəsrəddin”










































