Atalar sözlərində fitonimlərin linqvistik funksiyaları
Sədaqət HəsənovaDOI: https://doi.org/10.48445/x9667-8582-5311-c
ORCID ID: https://orcid.org/0009-0002-9996-6229
Tarix: 21 İyul 2026
XÜLASƏ
Məqalədə atalar sözlərində fitonimlərin (bitki
adlarının) işlənmə xüsusiyyətləri, onların semantik, struktur və funksional
aspektləri linqvistik baxımdan araşdırılır. Fitonimlərin dilin leksik-semantik
sistemində xüsusi yer tutan vahidlər kimi xalq müdrikliyinin daşıyıcısı olan
atalar sözlərində işlənməsi dilin tarixi, mədəni və idraki təcrübəsini əks
etdirir. Tədqiqatın məqsədi fitonimlərin atalar sözlərində daşıdığı semantik
yükü, yaratdığı obrazlılığı, məcazi-simvolik komponentlər vasitəsilə
kodlaşdırdığı sosial və etik dəyərləri müəyyənləşdirməkdir. Məqalədə ilkin
olaraq fitonimlərin etnolinqvistik mahiyyəti nəzərdən keçirilir. Təbiətə, kənd
təsərrüfatına və gündəlik yaşayış təcrübəsinə bağlı olan bu vahidlər xalqın
dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Atalar sözlərində onlar həm
real botanik obyekt, həm də simvolik-məcazi məna daşıyıcısı kimi çıxış edir. Məsələn,
“ağac”, “gül”, “buğda”, “arpa”, “üzüm”, “çinar” kimi fitonimlər bir tərəfdən
konkret məna ifadə etsələr də, digər tərəfdən zəhmət, məhsuldarlıq, səbir, gözəllik,
dayanıqlıq və köklülük kimi mücərrəd anlayışları metaforik şəkildə təcəssüm
etdirirlər. “Bir gül ilə yaz olmaz” atalar sözündə kollektiv fəaliyyətin zəruriliyi,
ənənəvi cəmiyyətlərdə birlik və əməkdaşlıq üzərində qurulmuş həyat fəlsəfəsi əks
olunur. Araşdırmada fitonimlərin dilin obrazlılıq potensialını gücləndirdiyi,
bitkilərin xüsusiyyətləri, məhsuldarlığı və ya faydalılığı əsasında insan
xarakteri, davranışı və ictimai münasibətlər barədə müdrik mülahizələrin irəli
sürülməsində mühüm rol oynadığı təsdiq edilir.
AÇAR
SÖZLƏR
dil, xalq, atalar sözləri,
məna, fitonim










































