Söz-cümlə ilə yarımçıq cümlələrin sintaktik-semantik xüsusiyyətlərinin müqayisəsi
Ədalət AbbasovDOI: https://doi.org/10.48445/f9646-0590-9052-d
ORCID ID: https://orcid.org/0000-0002-9704-1874
Tarix: 10 Mart 2025
XÜLASƏ
Yarımçıq cümlələr üzvlənən cümlələr sisteminə aid
olub, bütün cümlə üzvləri ilə ifadə edilə bilir. Yarımçıq cümlələrə aid olan
koordinasiyaları dəqiq müəyyənləşdirmək məqsədilə onların söz-cümlə ilə müqayisəsi
xüsusilə əhəmiyyətlidir. Bu iki cümlə tipi struktur-semantik cəhətdən zahirən
sinonimik təsir bağışlayır. Çünki hər ikisi kommunikativ forma baxımından
dialoji quruluşa malikdir. Yarımçıq cümlələrdə fikrin ifadəsində iştirak edən
üzvlərdən biri və ya hər ikisi buraxılır. Əgər təktərkibli və ya cüttərkibli
müxtəsər və geniş cümlə üzvlərindən biri və ya bir neçəsi buraxılıbsa və bu
üzvlər asanlıqla bərpa edilə bilirsə, belə cümlələr yarımçıq cümlələr
adlandırılır. Söz-cümlə isə üzvlərə ayrılmayan, yəni üzvlənməyən sadə cümlə
qrupuna aiddir. Yarımçıq cümlələrdə buraxılan üzvlər mətndəki kontekstə əsasən
bərpa edilə bilir. Lakin söz-cümlədə bu mümkün deyil, çünki burada ilkin fikrə
münasibət ifadə edildiyinə görə buna ehtiyac qalmır. Ümumiyyətlə, əlaqəli nitqdə
məzmunca yarımçıqlıq olmamalıdır; bu yarımçıqlıq onun müstəqil işlədilə bilən
bütöv variantlarına nisbətən yalnız formada müşahidə olunur. Bu fərqliliklərin
dərk edilməsi dilin istifadə qaydalarının daha dərindən qavranılmasına kömək
edir.
AÇAR SÖZLƏR
sintaktik-semantik
xüsusiyyət, nitq mühiti, kommunikativ funksiya, üzvlənən cümlə, üslubi cəhət,
kontekstual situasiya