TƏRƏFDAŞLAR


Xəbərlər

BULLİNQ NƏDİR?


Bullinq – özünü bir çox mənalarda üstün hesab edən bir qrup şəxs və ya şəxslərin qarşı tərəfi qəsdən narahat etmək, incitmək, aşağılamaq məqsədilə tətbiq etdiyi söz və ya hərəkətlərin məcmusudur. Təəssüflər olsun ki, bullinq  ölkəmizdə və dünyada hər yaş qrupunda təsadüf edilən davanışdır. Bu termin  ilk dəfə 1985-ci ildə Böyük Britaniyada işlədilmiş və belə bir mövzuda ilk tədqiqat işləri üzə çıxdıqdan sonra XX əsrin əvvəllərində geniş istifadə olunmağa başlanmışdır.

Bullinq eyni yaş qrupundakı bir şəxsin başqalarına qarşı fiziki və ya şifahi hücumları kimi müəyyən edilir. Bu tip hücumlar daha çox uşaqların ilk dəfə daxil olduğu kollektivlərdə və ya təhsil aldığı məktəb mühitində baş verir. Qeyd edək ki, bullinq ilə təkcə məktəbdə deyil, universitet, ailə, iş və sosial həyatda da rastlaşmaq olar. Lakin ibtidai və orta məktəb dövründə uşaqların zehni inkişafı hələ tam formalaşmadığı üçün bu cür davranışlar daha çox olur. UNESCO Statistika İnstitutunun məlumatına görə, dünya gəncliyinin 1/3-i bullinqə məruz qalır. Zərərçəkmiş uşaqlar üçün dərin travma yaradan bu vəziyyət fərdlərin təkcə məktəb illərinə deyil, həm də həyatının sonrakı dövrlərinə də təsir edir və cəmiyyətə qatıldığı andan sosial sağlamlıqlarına mənfi təsirləri olduğu bilinir.

        Tədqiqatçıların yanaşmasından asılı olaraq, bullinqin müxtəlif təsnifatları vardır. Aşağıda onların bəziləri əks olunub:

1. Fiziki bullinq: Buraya vurmaq, itələmək, qəsdən toxunmaq, tüpürmək, şagirdin əşyalarının oğurlanması və s. daxildir.

2. Verbal bullinq: Bullinqin ən geniş yayılmış formasıdır. Buraya kiməsə xoşagəlməz sözlər demək, yazmaq, alçaldıcı adlarla çağırmaq, ləqəb qoymaq, zərər verməklə təhdid etmək      və s. aiddir.

3. Sosial bullinq: Bura şəxsin hər hansı bir sosial qrupdan uzaqlaşdırılma, xoşagəlməz şayiələr yayma, şəxsi başqaları qarşısında utandırma və s. aiddir.

4. Kiber bullinq: Bullinqin xüsusi formalarından olan kiber bullinq sosial media üzərindən baş verir. Buraya narahatedici mesajlar, böhtan xarakterli yazılar, şəxsi məlumatların və fotoların icazəsiz yayılması və s. kimi hərəkətlərlər aiddir.

Qısnamaya məruz qalmış uşaqlar qorxu içində yaşayır və özlərini fiziki və əqli cəhətdən müdafiə etmək qabiliyyətinə malik olmadıqlarına inandıqları üçün özlərini müdafiəsiz hiss edirlər. Davam edən təhdidlər qarşısında kömək istəməkdən qorxduqları üçün bu vəziyyəti valideynlərinə və ya müəllimlərinə bildirməkdən çəkinirlər. Digər tərəfdən bullinq edən uşaq və ya gənclər, adətən, əldə etdikləri sosial və ya fiziki üstünlükdən istifadə edərək bu davranışları sərgiləyirlər. Bu şəxslər öz həmyaşıdlarını manipulyasiya etmək və ya onlara zərər vermək üçün məktəb daxilində populyarlıqlarından və ya fiziki güclərindən istifadə edirlər. Beləliklə, bullinqin əsas səbəbi sosial, iqtisadi, mədəni və ya fiziki gücdəki balanssızlıqdır.

Bullinqə məruz qalan uşaqları müəyyən etmək bu mövzuda ən əsas məsələlərdəndir. Valideynlər övladları ilə mütəmadi olaraq söhbətlər aparmalı, onun məktəb həyatı ilə yaxından maraqlanmalıdırlar. Bəzən bullinqə məruz qalan uşaqlarda dərslərdə diqqətin asanlıqla dağılması, məktəbdə uğurun azalması, məktəbə getmək istəyinin azalması və dərsdən yayınma kimi təhsil problemləri, eləcə də  məktəblə bağlı suallara qəzəb, nifrət və ya susmaqla reaksiya vermək və s. kimi əlamətlər özünü göstərə bilir. Burada sinif rəhbəri, müəllimlər və məktəb psixoloqlarının da üzərinə müəyyən dərəcədə yük düşür. Hər nə qədər bullinq hadisəsi gizli baş versə də, onu göstərən əlamətlər müəyyən hallarda müəllimlərin nəzərinə çarpmış ola bilər. Belə olan halda vaxtında və düzgün müdaxilə ilə məsələ öz həllini tapacaqdır.

Belə hallarla rastlaşmamaq üçün ən effektli mübarizə isə həmişəki kimi, təhsil və düzgün maarifləndirmə işlərinin aparılmasıdır. Şagird, müəllim, valideyn, o cümlədən məktəb psixoloqları və digər məktəb işçilərinə bullinqin baş verməsinə səbəb olacaq nüanslara diqqət etmək, xoşagəlməz hadisə ilə qarşılaşdıqları zaman nə vaxt və necə müdaxilə edilməsinin lazım olduğunu mənimsətməkdir.



Ədəbiyyat


1. https://www.arti.edu.az/az/presentation/824-maktabda-qisnama-bullying-ila-mubariza-aparmagin-yollari

2. https://edaterapiya.com/h%C9%99myasid-zorakiligi-bullinq/

3. Metodika və Pedaqogika. (2024). Bakı: "Təhsil Nəşriyyat-Poliqrafiya".

 

 

 

Xanımgül Əsgərova

müxbir redaktor

                                                 

 


İNDEKSLƏMƏ