ORCID və onun tədqiqatçılara təklif etdiyi imkanlar
Son illərdə informasiya texnologiyalarının inkişafı
və müxtəlif elmi bazaların yaranması elm sahəsində canlanmaya səbəb olmuşdur. Geniş
elmi dairələrə çıxış həm tədqiqat müəssisələrinin, həm də tədqiqatçıların
akademik nailiyyətlərini qiymətləndirib müqayisə etməyə imkan yaradır. Aparılan
tədqiqat nəticələrinin daha geniş əhatədə yayılması ölkədə elmi fəaliyyətin
inkişafına müsbət təsir göstərir. Elmin əhatəliliyini təmin etmək məqsədilə tədqiqatçılar
tərəfindən geniş şəkildə istifadə edilən beynəlxalq sistemlərdən biri də ORCID
kodudur. Təqdim edilən yazıda ORCID-in mahiyyəti açıqlanmış və onun tədqiqatçılara
təklif etdiyi faydalar vurğulanmışdır.
ORCID
(Open Researcher and Contributor ID) ingilis dilindən
“tədqiqatçı və iştirakçının açıq identifikatoru” kimi tərcümə edilir, tədqiqatçıları
geniş elmi ictimaiyyətə tanıdan 16 hərf və rəqəmdən ibarət beynəlxalq, daimi
(birdəfəlik) və unikal şəxsi identifikasiya kodudur.
İlk
dəfə 2009-cu ildə müəllif adının qeyri-müəyyənliyi problemini həll etmək məqsədilə
təqdim edilmiş ORCID, 2010-cu ilin avqust ayında ABŞ-nin Delaver ştatında beynəlxalq
idarə heyəti ilə müstəqil qeyri-kommersiya təşkilatı kimi yaradılmış, yalnız 16
oktyabr 2012-ci ildən etibarən istifadəçi identifikatorlarını təqdim etməyə
başlamışdır.
Əhəmiyyəti
ORCID
sistemi hər kəs üçün açıq və əlçatan olmaqla, istənilən istifadəçiyə fərdi
qaydada qeydiyyatdan keçərək şəxsi identifikasiya kodunu ödənişsiz əldə etməyə
imkan yaradır. İstifadəçilər ORCID profillərinə şəxsi məlumatlarını (ad, soyad,
mənsubiyyət, təhsil, iş yeri, vəzifə, elmi dərəcə, mükafat və akademik işlərini)
əlavə edə bilərlər.
ORCID
hesabı tədqiqatçının müxtəlif elmi profilləri arasında avtomatik bağlantıları dəstəkləyərək,
elmi işlərinin beynəlxalq müstəvidə daha geniş yayımlanmasına və istinadların təmin
edilməsinə kömək edir.
Kodun
əsas üstünlüklərindən biri tədqiqatçıların işlərinin asanlıqla tapılması və
sitat gətirilməsidir. Bu, eyni və ya oxşar ad və soyad problemlərinin qarşısını
alır, tədqiqatçıların unikallığını
qoruyur. Hazırda Scopus, Web of Science, RePEc, CrossRef və digər bazalar ORCID
identifikatorlarından istifadə edir, bu da tədqiqatçılara öz akademik işlərini
təqdim etmək və digər alimlərin tədqiqatları ilə bağlı məlumat əldə etmək
imkanı yaradır.
Kodun
elmi tədqiqatçı üçün əhəmiyyətini əsas gətirərərək, “Azərbaycan dili və ədəbiyyat
tədrisi” jurnalında da məqalə dərc edən müəlliflər qarşısında ORCID kodunun
olması vacib tələb olaraq qoyulub.
Müasir təcrübələrin öyrənilməsi və qabaqcıl
texnologiyaların tətbiqi elmi əməkdaşlıq səviyyəsinin artmasına, elmi fəaliyyətin
genişlənməsinə və ölkəmizin beynəlxalq səviyyədə elmi reytinqinin yüksəlməsinə
töhfə verir. Bu səbəbdən, ORCID kodunun istifadəsi tədqiqatçılar və akademik
qurumlar üçün mühüm əhəmiyyət kəsb edir. Gələcəkdə ORCID-in daha da inkişaf
etdirilməsi və yeni funksionallıqlarının əlavə edilməsi tədqiqat sahəsində
böyük dəyişikliklərə səbəb ola bilər.
Ədəbiyyat
[2] https://www.library.yorku.ca/web/research-metrics/orcid/
Gülnar Əliyeva