TƏRƏFDAŞLAR


Xəbərlər

ƏLAVƏ TƏHSİL HAQQINDA

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.16-cı bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nı təsdiq etmişdir. Bu qaydaya əsasən, hər bir vətəndaş fasiləsiz təhsilalma hüququna malikdir. Hazırda inkişafı 5 fəaliyyət istiqaməti (yenidənhazırlanma,  stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili) üzrə nəzərdə tutulan Əlavə təhsilin yalnız Təkrar ali və orta ixtisas təhsili və Yenidənhazırlanma növü öz işini davam etdirir. Belə ki, özünü başqa sahədə də sınamaq istəyən, fasiləsiz təhsillə maraqlanan gənclər Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (TMİS) qoşulmuş ali və orta ixtisas təhsili müəssisələrinə müraciət edərək istədikləri ixtisasları seçə bilərlər. Bu məqsədlə bir çox ali təhsil ocaqları həm Azərbaycan, həm də xarici vətəndaşlar üçün müxtəlif ixtisaslar üzrə təhsil almağa şərait yaratmışlar. Qeyd edək ki, təhsilini xarici ölkələrdə almış şəxslər (1993-cü ildən bəri) diplomları yalnız Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra təkrar ali təhsil üçün müraciət edə bilərlər. 

Təkrar ali təhsil almaq istəyən tələbənin fərdi işçi planı baza təhsil proqramı ilə yenidən əldə ediləcək ixtisasın təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla, xüsusi hazırlanmış tədris proqramları əsasında qurulur. Tələbə, əvvəl aldığı ixtisasın təhsil proqramında öyrənilmiş fənlərin məzmunu yeni almaq istədiyi əlavə ixtisasın təhsil proqramına daxil olan hər hansı fənnin məzmununa uyğun olduqda, həmin fənlər üzrə cari və aralıq attestasiyadan azad olunur. Bu işdə onlara tyutor və ya mütəxəssislər kömək göstərirlər.

Əlavə ixtisas təhsili qiyabi, əyani, gündüz və ya axşam təhsil formalarında olmaqla, Elm və Təhsil Nazirliyinin razılığı ilə təhsil müəssisəsi tərəfindən təşkil olunur.

Təkrar təhsil ödənişlidir. Təhsil haqqı universitet tərəfindən müəyyən edilir.

Təhsilini müvəffəqiyyətlə başa vuran tələbələrə müvafiq ixtisaslar üzrə bakalavr peşə-ixtisas dərəcəsi və ali təhsil haqqında bakalavr diplomu təqdim edilir. Tələbənin aldığı ikinci diplom əvvəlki diplom qədər etibarlı sayılır.


Yenidənhazırlanma - təkrar təhsil almaq istəyən şəxslərin yeni peşə və ixtisaslara yiyələnməsinə, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsinə xidmət edən təhsil növüdür. Əlavə təhsilin bu növü qeyri-pedaqoji ixtisas sahiblərinin pedaqoji sahədə özlərini sübut etməsinə də şərait yaradır. Bu, ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə həyata keçirilə bilər. Proqramlar arasındakı fərq Yenidənhazırlanma təhsili verən müəssisə tərəfindən müəyyən edilir. Yenidənhazırlanma bir illik təhsil olub, ödənişli əsaslarla həyata keçirilir.

Ali, orta ixtisas və peşə təhsili haqqında dövlət sənədi olan hər bir vətəndaş Əlavə təhsilin həm təkrar, həm də Yenidənhazırlanma növündən istifadə edə bilər.

 


   Ədəbiyyat

1.   https://edu.gov.az/az/additional-education


Xatirə Məmmədova

şöbə redaktoru

27-06-2024

İNDEKSLƏMƏ