TƏRƏFDAŞLAR


Xəbərlər

“Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının tanıtımı və xüsusi buraxılışının təqdimatı keçirilib

Mayın 16-da Xəzər Universitetində Elm və Təhsil Nazirliyinin elmi-metodik nəşri “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının tanıtımı və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Dil siyasəti və milli kimlik: Tarixi irs, müasir yanaşmalar” adlı xüsusi buraxılışın təqdimatı keçirilib. Tədbirdə jurnalın redaksiya heyətinin üzvləri, müəlliflər, redaksiya kollektivi, Xəzər Universitetinin akademik heyəti və tələbələr iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra açıq elan olunub.
Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial Elmlər fakültəsinin dekan müavini Pərvin Kərimova açılış nitqi ilə iştirakçıları salamlayıb. O, "Azərbaycan dili və ədəbiyyat tədrisi" jurnalının elm və təhsil sahəsindəki əhəmiyyətini, həmçinin akademik ictimaiyyətin inkişafına verdiyi töhfələri vurğulayıb və jurnalın xüsusi buraxılışının elmi baxımdan önəmli bir təşəbbüs olduğunu qeyd edib.
Tədbirdə jurnalın baş redaktor səlahiyyətlərini icra edən Gülnar Əliyeva çıxış edərək, nəşrin tarixi, əsas missiyası, nəşr strategiyası, beynəlxalq elmi platformalarda təmsil olunması, beynəlxalq indekslərdə üzvlüyü və jurnalın gələcək perspektivləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Çıxışında Prezidentin “Konstitusiya və Suverenlik İli” ilə bağlı sərəncamının əhəmiyyətinə diqqət yetirərək, bu mühüm qərarın milli kimlik və dövlətçilik tariximizin təbliği və möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Eyni zamanda jurnalın həmin qərara uyğun olaraq çap edilən “Dil siyasəti və milli kimlik: Tarixi irs, müasir yanaşmalar” adlı xüsusi buraxılışının məzmunu və elmi əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib.
Daha sonra jurnalın redaksiya heyətinin üzvləri — AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımov və ADPU-nun Filologiya fakültəsinin professoru, filologiya üzrə elmlər doktoru Minaxanım Nuriyeva çıxış edərək, jurnalın ümumi fəaliyyətindən, eyni zamanda “Konstitusiya və Suverenlik İli” ilə bağlı sərəncamın elmi-mənəvi əhəmiyyətindən, bu kontekstdə nəşr edilən xüsusi buraxılışın ideyası, məqalələrin istiqamətləri və əhatə etdiyi mövzular barədə fikirlərini bölüşüb, buraxılışın aktuallığını və elmi dəyərini vurğulayıblar.
Jurnalın redaksiya heyətinin üzvləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşları – pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bilal Həsənli və pedaqogika üzrə fəlsəfə doktoru, dosent Soltan Hüseynoğlu çıxışlarında nəşrlə uzunmüddətli əməkdaşlıq təcrübələrindən söz açmış, jurnalın elmi və təhsil mühitindəki rolunu yüksək qiymətləndirmiş və redaksiya kollektivinə gələcək fəaliyyətlərində nailiyyətlər diləmişlər.
Tədbirdə eyni zamanda jurnalın son illərdə baş redaktoru olmuş, hazırda isə ATİAHİ Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov çıxış edərək nəşrin son dövrlərdəki fəaliyyəti barədə fikirlərini bölüşmüş, xüsusi buraxılışın elmi və ictimai əhəmiyyətini vurğulamış və jurnalın yaradıcı heyətinə uğurlar arzulamışdır.
Bakı Dövlət Universitetinin "Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası" kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Mətanət Abdullayeva çıxışında jurnalın metodika sahəsindəki elmi əhəmiyyətini vurğulamış, nəşrlə tanışlığını müsbət dəyərləndirmiş və gələcək elmi əməkdaşlıq imkanlarını yüksək qiymətləndirmişdir.
Tədbirdə Bakı Mühəndislik Universitetinin “Azərbaycan dili və pedaqogika” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Zabitə Teymurlu və Xəzər Universitetinin Dillər və Ədəbiyyatlar Departamentinin Dillər Bölməsinin koordinatoru, filologiya üzrə fəlsəfə doktoru Sevinc Qəmbərova çıxış edərək, xüsusi buraxılışda dərc olunmuş “Akademik kommunikasiyada Azərbaycan dilinin yeri” mövzusunda məqalələrinin əsas məqamlarını təqdim etmiş, mövzunun aktuallığına və jurnalın elmi əhəmiyyətinə toxunmuşlar.
Sonda tədbirin keçirilməsi üçün yaradılan şəraitə və göstərilən diqqətə görə Xəzər Universitetinin rəhbərliyinə təşəkkür ifadə edilib.
Tədbir sonunda iştirakçılarla xatirə şəkli çəkilib.


İNDEKSLƏMƏ