TƏRƏFDAŞLAR


Xəbərlər

Beynəlmiləl Universitet – Qarabağ Universiteti

Keçmişimizə qısa nəzər salsaq, görərik ki, hər zaman elmə, təhsilə və mədəniyyətə dəyər verilən Qarabağda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. Belə ki, 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı olaraq əsası qoyulan və 1973-cü ildən 1988-ci ilə kimi müstəqil fəaliyyət göstərən ilk ali təhsil müəssisəsi Qarabağda məhz Xankəndidə idi. İşğal dövründə fəaliyyətini dayandırmağa məcbur olan institut illər sonra Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Qarabağ Universiteti adıyla yenidən Xankəndi şəhərində yaradıldı. Bu təşəbbüs işğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası istiqamətində aparılan uğurlu siyasətin önəmli addımlarından biridir.

Regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksək ixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə qurulan bu universitet ilkin mərhələdə 1000 nəfərə yaxın tələbənin təhsil alması üçün nəzərdə tutulmuşdur. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə məlumat vermiş və yeni qurulan universitetin fəaliyyət istiqamətindən, onun bütün türk dünyasının fərqli və modern elm və təhsil müəssisəsi kimi dünyada tanınacağından söhbət açmışdır. Məhz bu üstünlüklər Azərbaycanda və dünyanın müxtəlif yerlərində yaşayan alimlərin marağına səbəb olmuş, Qarabağ Universitetində istər daimi əsasla, istərsə də kömək məqsədi ilə çalışmaq istəyənlərin sayı günü-gündən artır.

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə universitetin akademik heyətinə, eləcə də təhsilalanlara xüsusi diqqət yetirilməli, yeni yaranmış universitetin beynəlxalq səviyyədə tanınması üçün bütün imkanlardan istifadə olunmalıdır.  Müasir dövrün tələblərinə uyğun şəhərciyin yaradılması, şəhərcikdə bütün xidmətlərin yüksək tələblərə cavab verməsi, elmi-tədqiqat işləri ilə məşğul olan yaradıcı tədqiqatçıların layihələrinin dəstəklənməsi üçün şəffaf və ədalətli mühitin formalaşdırılması və s. təhsildə yeni sistemin qurulmasına, universitetin tədqiqat yönümlü olmasına təkan verən vacib amillərdir. Bütün bunlar uzun müddət diqqət mərkəzində olan universitetlərin formalaşması, ali təhsilin yenidən qurulması və bu kimi aktual məsələlərin də həllinə kömək etmiş olacaq.

Hesab edirik ki, Qarabağ Universiteti qalib dövlətimizin yüksək elm və təhsilinin, uğurlu və sürətli inkişafının nümunəsi olaraq dünyanın təhsil məkanında yeni bir imza olacaqdır.

 

 

 

 

Könül Yadigarova

şöbə redaktoru

 

 

 

25-07-2024

İNDEKSLƏMƏ